Türkiyə Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra yenidən sıx gündəmlə bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.
Teleqraf.com xəbər verir ki, kritik toplantının gündəmində önə çıxan mövzu terrorla mübarizədir.
İclasda həm havadan, həm də qurudan cəza atışları ilə davam edən “Pəncə-Qılınc” əməliyyatı müzakirə ediləcək.
Suriyanın şimalında terrorçuların varlığına qarşı yeni quru əməliyyatı üçün çoxölçülü müzakirələr aparılacaq.
FETÖ və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə görüləcək əlavə tədbirlər də müzakirə olunacaq.
İclasın digər gündəmi Rusiya-Ukrayna müharibəsidir. İki ölkə arasında sülhü təmin etmək üçün həm Ərdoğan, həm də onun heyətinin apardığı təmaslar müzakirə ediləcək.
Yunanıstanın Egey dənizindəki təxribatları da ətraflı müzakirə ediləcək mövzular sırasındadır. Təhlükəsizlik Şurası üzvləri qeyri-hərbi statuslu adaları silahlandırmaqda davam edən Afinanın təxribatçı addımlarına qarşı götürülməli ölçülər barədə fikir mübadiləsi aparacaqlar. Eləcə də İsveç və Finlandiya ilə imzalanan üçtərəfli memorandum üzrə danışıqlar da müzakirə olunacaq.
Bundan əlavə, Kipr, İraq, Liviya və Cənubi Qafqazdakı hadisələrlə bağlı dəyərləndirilmələr aparılacaq.