İranda sentyabrın 17-də Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsindən sonra molla rejimi əleyhinə başlayan kütləvi nümayişlər yenidən qızışıb.
Teleqraf.com xəbər verir ki, ölkənin iri şəhərlərində küçələrə axışan vətəndaşlar rejimi istefaya səsləyirlər.
Gilan vilayətinin inzibati mərkəzi Rəştdə küçələrə çıxan insanlar küçələri nəqliyyatın hərəkətinə bağlayaraq şüarlarla yürüş edirlər.
Şəhərin müxtəlif istiqamətlərində keçirilən nümayişlərdə etirazçılar bəzi obyektləri yandırır, rejim əleyhinə şüarlar səsləndirirlər.
Elborz vilayətinin Kərəc şəhərində də nümayişlər yenidən qızışıb. Buradakı etirazlar da hökumət əleyhinə şüarlarla və siyasi tələblərlə müşayiət olunur.
Paytaxt Tehranın Cəmalzadə və Tehranpars rayonlarında nümayiş təşkil edən vətəndaşlar siyasi məhbusların azadlığa buraxılmasını, edamların dayandırılmasını tələb edirlər.
Tehranın “Vəliəsr” meydanı ətrafında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi sərt təhlükəsizlik tədbirləri diqqət çəkib.
İran İnsan Haqları Təşkilatı (IHR) nümayişlərin başlamasından bəri 469 dinc insanın rejim tərəfindən öldürüldüyünü açıqlayıb.
İran rəsmiləri həyatını itirənlərin təhlükəsizlik qüvvələri tərəfindən deyil, “təxribatçılar” tərəfindən öldürüldüyünü iddia edir.
İran mətbuatının məlumatına görə, nümayişlər zamanı 60-dan çox təhlükəsizlik orqanlarının əməkdaşı ölüb.
Edam cəzasına məhkum edilən Möhsün Şikari həbs olunduqdan 75 gün sonra dekabrın 8-də, Məcidrza Rahnəvərd isə saxlanıldıqdan 23 gün sonra dekabrın 12-də edam edilib. Hər iki şəxsin vəkil seçmək hüququndan məhrum edilməsi və ölüm hökmlərinin adət-ənənələrdən kənarda operativ şəkildə icra olunması mübahisələrə səbəb olub.