23 Dekabr 2022 13:44
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının lideri Dmitri Medvedev dekabrın 21-də Çinə səfər edərək, bu ölkənin lideri Si Cinpinlə görüşüb. Medvedev Rusiya Prezidenti Vladimir Putinin məktubunu Cinpinə çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, Çin lideri Medvedevlə görüşündə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib:

“Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi.

Medvedev Cinpinlə Pekində görüşərkən Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq.

Medvedevin Cinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Cinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir”.

Mərkəzin ekspertləri deyirlər ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir:

“Kreml bu durumda dünyanın ən böyük bazarı olan Çinə daha çox neft-qaz satmağa çalışır. Pekin Rusiya neft-qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır.

Əsas sual budur: Putinin Cinpinə göndərdiyi məktubda nələr var?

Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsinin vacibliyinin yazıldığını deyirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirir. Hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər