Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun hərbçilərinin baş qərargah rəisi Vleri Gerasimovu təhqir etdikləri videosu ölkədə müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, müzakirələr videonun sosial şəbəkələrdə yayıldığı həftənin əvvəlində başlayıb.
Donbasda Rusiya adına döyüşən “Vaqner” hərbçiləri çəkdikləri videoda Gerasimova söyüşlə müraciət ediblər:
“Sən haradasan? Biz burada bütün Ukrayna ordusuna qarşı döyüşərkən sən bizə artilleriya mərmiləri belə göndərə bilmirsən. Dostlarımız cəbhədə can verərkən, sən barmağını belə tərpətmirsən. İçimizdən ancaq sənə fahişə oğlu demək gəlir”.
Sözügedən video internetdə sürətlə yayılanda Rusiyada hökumətyönlü media hərəkətə keçib. Xəbərlərdə bu videonun Ukrayna millətçiləri tərəfindən hazırlandığı və ordunu aşağılamaq məqsədi daşıyan təxribat olduğu iddia edilib. Amma “Vaqner”in rəhbəri Yevgeni Priqojinin açıqlaması gərginliyi bir qədər də qızışdırıb.
Sosial şəbəkə hesabından açıqlama verən Priqojin deyib:
“Gerasimova ünvanlanan videonu çəkən bölmədə oldum. Burada yumor səhnəsi çəkən ukraynalı nasistlər yoxdur. Video cəbhədəki reallıqları əks etdirir”.
Kreml sarayı “Vaqner” mübahisələri önündə səssiz qalarkən, Rusiya parlamenti Müdafiə Nazirliyinin tərəfində mövqe tutub.
Parlamentin Müdafiə Komitəsinin rəhbəri, general Viktor Sobolev “Vaqner”i kəskin tənqid edib:
“Vaqner” həddini aşdı. Onlar güman edildiyi kimi, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda böyük rol oynamırlar. Müdafiə Nazirliyinə, baş qərargah rəisinə belə münasibətlə qarşı çıxa bilməzlər”.
Baş verənlərdən sonra Prezident Vladimir Putinin mart ayında qəbul etdiyi “Rusiya ordusunu təhqir etmək haqqında” qanun yada düşüb. Qanuna görə, Rusiya Müdafiə Nazirliyini təhqir edən şəxslər və təşkilatlar üçün cərimələr və 15 ilədək həbs cəzası nəzərdə tutulur. İndi Rusiyada hər kəs “Vaqner”in ordunu təhqir etdiyinə görə cəzalandırılıb-cəzalandırılmayacağı ilə maraqlanır.
Hadisələr Ağ Evdən cəmi bir həftə əvvəl gələn “Vaqner”in Rusiyanın hərbi və təhlükəsizlik orqanlarına rəqib kimi ortaya çıxdığı açıqlamasını da gündəmə gətirir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi dekabrın 22-də bildirib ki, “Vaqner” Rusiya ordusu və bu ölkənin aidiyyəti qurumları ilə rəqabət aparan güc mərkəzi kimi ortaya çıxıb.
“Bu gün yeni təfərrüatları, o cümlədən Ukraynada vəhşiliklər törədən və insan haqlarını pozan “Vaqner” kimi tanınan Rusiyanın özəl hərbi şirkəti haqda məlumatları bölüşə bilərəm. Prezident Putin Ukraynada döyüşən rus hərbçilərinə dəstək üçün getdikcə daha çox “Vaqner”ə müraciət edir. Bizə tam məlumdur ki, “Vaqner” Rusiya ordusu və digər nazirliklərlə rəqabət aparan güc mərkəzi kimi ortaya çıxıb”, - Kirbi bildirb.
Onun sözlərinə görə, “Vaqner”in sahibi Priqojinin Kreml üzərində artan nüfuzu Rusiya Müdafiə Nazirliyi və yüksək rütbəli hərbi şəxsləri açıq şəkildə tənqid etməyə davam etdiyi bir vaxtda baş verir. Kirbi qeyd edib ki, Rusiyanın hərbi rəsmiləri bəzən Ukraynada “Vaqner”in komandanlığına tabe olurlar.