Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bir ay sonra Putin hakimiyyətinin devriləcəyini ilk deyən ABŞ prezidenti oldu. Hətta Putini “cəllad” adlandırdı.
Teleqraf.com xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiosunun Ermənistan bölməsinin dərc etdiyi məqalədə bildirilir.
Sentyabrın 29-da “Newsweek” jurnalı iddia etdi ki, Putinin öldürülməsi istiqamətində addımlar atılır.
“Putin Ukraynaya qarşı müharibəni özünün ən böyük uğuruna çevirməyə, Rusiyanın 1991-ci ildə sovet imperiyasının dağılmasından sonra nə qədər irəlilədiyini göstərməyə çalışırdı”, - amerikalı analitik Liana Fiks deyir.
Putin dekabrın 30-da SSRİ-nin yaranmasının 100 illiyini “yeni imperiya” yaratmaqla qeyd etmək istəyirdi. Ancaq hər şey başqa cür oldu. Ekspertlərin fikrincə, onun arxasında duran siyasi sistem öz səhvlərindən nəticə çıxara bilmir. Və Putinin getdiyi məğlubiyyət onun dövrünün sonuna və siyasi məhvinə gətirib çıxarır.
Amerikalı analitiklərə görə, Putin Ukraynadakı məğlubiyyətini Qərbin günahkar olduğunu deməklə əsaslandırsa da, bu onun hakimiyyətdən uzaqlaşdırılması ehtimalını artırır.
Rusiya-Ukrayna danışıqlarının əvvəlcə Belarus, sonra isə İstanbulda davam etdiyi müharibənin ilk üç ayında Putin üçün ümid əlaməti yaranmışdı. Amma Putin Buça və digər şəhərlərdə hərbi cinayətlər törətməklə, nüvə zərbələri ilə hədələməklə, mülki infrastrukturu məhv etməklə bu fürsəti əldən verdi.
Analitiklərin fikrincə, Putinin məğlubiyyətinin ikinci ssenarisi NATO-ya qarşı müharibədir. Belə olan halda, hərbi ekspertlərin fikrincə, cəbhə Ukraynadan Rusiya ərazisinədək uzanacaq.
Ekspertlər əmindirlər ki, bu halda da ruslar öz səriştəsiz çarlarının müdafiəsi üçün yürüşlər keçirməyə davam edəcəklər. Ancaq geniş məhrumiyyət dövrü başlayanda bu ölkənin xalqı sevimli monarxa qarşı ayağa qalxacaq.
Putini taxtdan salmağın başqa yolu var. Bu, saray çevrilişidir. Amma bir neçə əsrdir imperiya ambisiyaları olan və əraziləri davamlı olaraq işğal edən bu ölkənin xalqı çarın kürsüsündə “qərbyönlü demokrat” fiqur görmək istəməzdi. Putinin yerinə başqa Putinin gəlməsi ehtimalı daha yüksəkdir.
Onun yerinə, məsələn, Ramzan Kadırovun gətirilə biləcəyinə inanan analitiklər də var.
“Putinin hakimiyyətdən uzaqlaşdırılması hətta vətəndaş müharibəsinə səbəb ola, nəticədə Rusiya hətta parçalana bilər. Amma Qərb hadisələrin bura qədər getməsinə üstünlük verməyəcək, çünki bu, çox böyük təhlükələrlə dolu ola bilər. Məsələn, Moldovadakı münaqişələr yenidən canlana və gərginləşə, Ankara Azərbaycana daha fəal dəstək verə, Türkiyə Suriyada hərbi mövcudluğunu gücləndirə bilər. Rusiyanın parçalanması bütün dünyadakı, o cümlədən Afrika, Yaxın Şərq və Avropadakı münaqişələrə təsir edəcək. Çin bu işdə Rusiyanın yerini tutmağa çalışsa, Qərb daha bir böyük problemlə üzləşəcək”, - məqalədə vurğulanır.
Beləliklə, amerikalı ekspertlərə görə, Rusiyada iğtişaşlar qeyri-sabitlik burulğanı yarada, regional müharibələrə, miqrant axınına və iqtisadi qeyri-müəyyənliyə səbəb ola bilər.
Ukraynada müharibənin başa çatması və Putinin hakimiyyətdən getməsi gələn ildə baş verə bilər. Bu isə Qərbin dərin və uzaqgörən təhlilini tələb edir. Mütəxəssislər 1917 və 1991-ci illərdə rus imperiyasının necə məhv edildiyini, hər ikisindən sonra yenidən dirçəldiyini də xatırladırlar.
Qərb Rusiyanın gücünün zəifləməsindən yararlanmalı, Avropada NATO üzvlərini qorumaq üçün şərait yaratmalıdır. Qərb hər zaman çökməkdə olan Rusiyanın yenidən dirçəlmək imkanını nəzərə almalıdır ki, onun daha öz şərtlərini gündəmə gətirmək imkanı olmasın.