19 Yanvar 2023 16:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəb sələfi Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tokayev parlamentin aşağı palatasıyla yanaşı, hakimiyyətin regional strukturlarını da buraxıb:

“Parlamentə seçkilər bu ilin martın 19-na təyin olunub. Qazaxıstanda konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Məsələn, istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb”.

Elxan Şahinoğlu qeyd edib ki, əslində, Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi:

“Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək, konstitusiya dəyişikliyindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirmişdi. Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlədib. Yeni konstitusiyaya görə, Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan başqa, prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq qadağan edilib. Ayrıca, yeni konstitusiyada birinci prezident Nursultan Nazarbayevin adının çəkildiyi bəndlər çıxarılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu