“Polşa Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.
“Saakaşvilinin Polşada müalicə edilməsi üçün Gürcüstan hökumətinə təkliflər verib və bu mövzuda bir çox hökumət başçısıları ilə danışmışam. Qorxduğumuz budur ki, Gürcüstanda ən pis durumla üzləşə bilər”, - Polşa baş naziri bildirib.
Moravetskinin sözlərinə görə, Xarici İşlər Nazirliyi hazırda müraciət hazırlayır və Gürcüstan hakimiyyəti avrointeqrasiya istəklərinə (Avropa Birliyinə üzvlük) müsbət cavab almaq istəyirsə, bu müraciəti ciddi şəkildə qəbul etməlidir.
2021-ci ilin payızında Saakaşvili Gürcüstana qayıdıb və dərhal həbs olunub. Eks-prezident “siyasi sifariş” adlandırdığı məhkəmə prosesində bir neçə ittiham üzrə mühakimə edilir.
Bir ay yarım davam edən aclıq aksiyasından və mümkün zəhərlənmədən sonra Saakaşvilinin səhhəti ciddi şəkildə pisləşib. Ukrayna hakimiyyəti Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi üçün Gürcüstana müraciət ünvanlayıb.
Gürcüstan məhkəməsi eks-prezidentin müalicəyə buraxılmasından imtina edib.