Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin NATO və Avropa Birliyinə (AB) üzvlüyünün Rusiyanın sistemli şəkildə zəiflədilməsinə bağlı olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, Zelenski Ukraynanın iki ildən sonra AB-yə üzv ola biləcəyini söyləyib.
Ukrayna lideri ölkəsinin AB-nin tamhüquqlu üzvü olması üçün ən azı on il lazım olduğunu deyən dünya liderlərinin pessimist proqnozlarını tənqid edib.
“İki ildən sonra özümüzü Avropa Birliyində görürük. Bizə təhlükəsizlik zəmanəti lazımdır”, - Zelenski bildirib.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiya ilə müharibəsində qələbədən sonra NATO-ya üzv ola bilər. Onun sözlərinə görə, bu, Qərb liderləri Ukraynanın təhlükəsizlik zəmanətləri paketini təsdiq etməmişdən əvvəl baş verəcək.
“Artıq yavaş-yavaş qərar verirlər. Qələbədən sonra NATO-da olacağmıza inanıram”, - Ukrayna lideri qeyd edib.