Fevralın 8-də Moskvada Əfqanıstanla qonşu olan ölkələrin yüksək rütbəli rəsmiləri və diplomatlarının iştirakıyla toplantı keçirilib. Görüşdə Əfqanıstandakı durum və bu ölkədən bölgəyə mümkün təhlükələr müzakirə olunub. Rusiyanı toplantıda Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev təmsil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə bildirilir ki. toplantıda çıxış edən Rusiya və İran təmsilçiləri Əfqanıstandakı vəziyyətə görə həmişəki kimi ABŞ-ı tənqid ediblər:
“Onların məntiqinə görə, 2000-ci illərin əvvəllərində ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi və bu ölkədə qayda-qanun yarada bilməməsi indiki ağır vəziyyətə gətirib çıxardıb. Toplantıda Çin və Hindistan nümayəndələri rusiyalı və iranlılar kimi Əfqanıstandakı ağır duruma görə ABŞ-ı tənqid etməyiblər. Pekin və Dehli Moskvanın anti-Qərb siyasətindən məsafə saxlayır. Maraqlıdır ki, Əfqanıstana aid toplantıda bu ölkəni nəzarətdə saxlayan Taliban təmsil olunmayıb.
Taliban paytaxt Kabili ələ keçirdikdən sonra beynəlxalq aləmdə legitimliyini bərpa etməyə çalışır. Ancaq nəticə hələ yoxdur. BMT-nin də Talibanı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımaq barədə qərarı yoxdur.
Əfqanıstanda təhlükəsizlik problemləri həll olunmayıb. Əfqanıstana qonşu olan Mərkəzi Asiya ölkələrinin, Hindistan və Pakistanın narahatlığı azalmayıb. Əfqanıstanda iqtisadi-sosial problemlər həll olunmayıb, insan hüquqları sahəsində vəziyyət ağırdır, qadınların haqları pozulur, qadınların işləmək və təhsil almaq imkanları məhduddur.
Bundan başqa, Taliban hərəkatının terrorçu “Əl-Qaidə” qruplaşmasıyla əlaqələrini kəsdiyinə dair şübhələr qalır. Dünya Bankının analizinə görə, Əfqanıstan əhalisinin təxminən 70 faizi zəruri ərzaq məhsullarını ala bilmir. Əhalinin 90 faizinin tibbi xidmətdən istifadə imkanları məhduddur”.
Mərkəzin ekspertləri deyirlər ki, Taliban kənardan maliyyə yardımı əldə etməyə çalışır:
“Əfqanıstanın ABŞ banklarında 9 milyard dollara yaxın vəsaiti dondurulub. Vaşinqton bu maiyyəni Talibana vermək istəmir.
Pakistan və Hindistanın Əfqanıstanla bağlı maraqları var. Hər iki dövlət Əfqanıstanla bağlı da bir-biri ilə rəqabət aparır. Əfqanıstanda başqa silahlı qruplar da var. Taliban hakimiyyəti ələ keçirənə qədər Əfqanıstanın Hindistanla pozitiv münasibətləri mövcud idi. Hindistan indi də əfqanlara humanitar yardımlar göndərməkdə davam edir. Bu mənada, Taliban da Dehli ilə əlaqələrdən imtina etməyib. Taliban rəhbərləri Hindistanın ünvanına kəskin fikirlər səsləndirmirlər. Hindistan Əfqanıstanda müxtəlif iqtisadi-sosial layihələrə 3 milyard dollar xərcləyib. Taliban Dehlinin bu layihələri davam etdirməsini istəyir.
Pakistan da illər uzunu Əfqanıstana maliyyə dəstəyi verib. Taliban bir hərəkat olaraq Pakistan ərazisində yaranıb və möhkəmlənib. Buna baxmayaraq, Talibanın hazırki rəhbərliyi Pakistandan asılı olmaq istəmir, bərabərhüquqlu tərəfdaşlığa çalışırlar. Məsələn, Taliban Hindistanla Pakistan arasında mübahisəyə qarışmır, Kəşmirlə bağlı mövqe bildirmir. Pakistan ordusu və polisi ölkə daxilindəki radikal qruplaşmalarla mübarizə aparır. Taliban rəhbərliyi həmin qruplaşmalarla heç bir əlaqəsinin olmadığını vurğulayır. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra ABŞ və digər Qərb ölkələriylə də münasibətlərdə gərginlik yaşamır. Qərb Talibanla əlaqə saxlamır”.
Təhlildə Əfqanıstan-Azərbaycan əlaqələrinə də diqqət çəkilib:
“Taliban Kabili ələ keçirmədən əvvəl Əfqanıstanın keçmiş hökumətlərinin Azərbaycanla sıx əlaqələri vardı. Azərbaycana Əfqanıstana yardım edir, əfqan məmurlarının Bakıda kurslarda iştirakına şərait yaradırdı. Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu əlaqələr kəsilib. Digər tərəfdən, Talibanın Azərbaycandan hər hansı istəyi yoxdur”.