Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı Valeri Zalujnı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı və ABŞ-ın Avropadakı Qüvvələrinin komandanı Kristofer Kavoli ilə müzakirələr aparıb.
Teleqraf.com-un məlumatına görə, general Valeri Zalujnı deyib ki, Ukraynanın Rusiya ilə müharibədə qələbəsi təkcə öz ərazilərinin azad edilməsi deyil, həm də Silahlı Qüvvələrin gücləndirilməsi deməkdir və Kremlin bir daha Kiyevə hücum etməyə heç vaxt imkanı olmayacaq.
Zalujnı fevralın 14-də keçiriləcək Ramşteyn-9 görüşü ərəfəsində ehtiyac duyulan silahlar məsələsini NATO-nun Avropadakı Silahlı Qüvvələrinin və ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı Kristofer Kavoli ilə müzakirə edib.
Söhbət zamanı Ukraynaya beynəlxalq hərbi yardımın çatdırılması və ukraynalı hərbçilərə tərəfdaş ölkələrin ərazisində təlim keçirilməsi müzakirə edilib.
Eyni zamanda Rusiya-Ukrayna müharibəsi cəbhəsindəki əməliyyat vəziyyəti və gələcək fəaliyyət planları ilə bağlı fikir mübadiləsi aparılıb.
"General Kavoliyə vəziyyəti dərindən dərk etdiyinə və qələbəmizi yaxınlaşdırmaq üçün göstərdiyi əhəmiyyətli səylərə görə minnətdaram. Ukraynanın qələbəsi təkcə onun ərazilərinin deyil, həm də dünyanın qələbəsi deməkdir", - Zalujnı vurğulayıb.