15 Fevral 2023 13:43
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Krımda ukraynalı uşaqlar üçün yenidən təhsil mərkəzləri ilə bağlı araşdırma aparılıb. Müharibə başlayandan bəri Rusiya hökuməti ən azı 6000 ukraynalı uşağı Krım və Rusiyadakı yenidən təhsil və övladlığa götürmə mərkəzləri şəbəkəsinə köçürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Münaqişə Rəsədxanasının hesabatında bildirilir.

Qeyd olunur ki, Yale İctimai Səhiyyə Məktəbinin Humanitar Elmlər Araşdırma Laboratoriyası 24 fevral 2022-ci ildən sonra Ukraynadan uşaqları saxlayan 43 müəssisə müəyyən edib:

“Bu nəticələr göstərir ki, düşərgələrin əksəriyyəti Rusiyayönümlü yenidən təhsillə məşğul olub, bəzi düşərgələrdə isə uşaqlar üçün hərbi təlim keçib və ya Ukraynada uşaqların valideynlərinə qaytarılması dayandırılıb".

Hesabatda dörd aylıqdan 17 yaşa qədər olan ən azı 6 min ukraynalı uşaq haqqında məlumat toplanıb.

Şəbəkə ən azı 43 müəssisəni qeyd edib. Bildirilir ki, bunların bəziləri Krım və Rusiyada əvvəllər mövcud olan yay düşərgələridir. 12-si Qara dəniz ətrafında, 7-si işğal olunmuş Krımda, 10-u Moskva, Kazan və Yekaterinburq ətrafında cəmləşib. Həmçinin Sibir və Uzaq Şərqdə də düşərgələr mövcuddur.

Genişmiqyaslı işğal başlayandan bəri Rusiya Federasiyası uşaqları dəfələrlə Ukraynadan çıxarıb. Amerika Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, onlar rus ailələri tərəfindən övladlığa götürülür.

Rusiya ombudsmanı Mariya Lvova-Belova Mariupoldan çıxarılan uşağı övladlığa götürüb. Daha sonra ona qarşı sanksiyalar tətbiq edilib.

Ukrayna Prezidentinin Uşaq Hüquqları və Uşaq Reabilitasiyası üzrə Müvəkkili Daria Gerasimçuk bildirib ki, Ukrayna işğalçılar tərəfindən 14 minə yaxın uşağın qaçırılmasından xəbərdardır.


Müəllif: Nemət

Oxşar xəbərlər