27 Fevral 2023 11:33
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ildə güclü geosiyasi təlatümlər baş verdi, postsovet dünya nizamı dağıldı və bu tektonik proseslərin səbəbləri 30 il əvvəl, Sovet İttifaqı dağılan zaman yaranıb”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

Onun fikrincə, Qərb o zaman baş verənlərə “qalib təkəbbürlülüyü” ilə baxıb, yalnız öz maraqlarını düşünürdü və Rusiyanı uçuruma atmaqda davam edib və bütün “tərəfdaşlıq söhbətləri” sadəcə maskadan ibarət olub.

Medvedev qeyd edib ki, 90-cı illərdə rus siyasətçiləri təhlükənin öhdəsindən gələ bilməyiblər, nəticədə ağır günlər yaşanıb, insanlar sürətlə yoxsullaşıb, sənaye tənəzzülə uğraylb, separatizm çiçəklənib.

Onun iddiasına görə, 1993-cü ildə Rusiya vətəndaş qarşıdurmasının astanasına gəlsə də, “rus xalqının müdrikliyi” buna imkan verməyib.

“İmperiyanın çiçəklənməsindən və onun qızıl dövründən sonra finala qədər uzun bir yol var: parçalanma və müharibə və ya müharibə və parçalanma. Bu, dünya qanunudur”, - Medvedev vurğulayıb və əlavə edib ki, SSRİ-də də belə olub, ancaq gecikmiş formada. Onun fikrincə, müharibə daha əvvəl - ötən əsrin 90-cı illərində, XXI əsrin ilk iki onilliyində baş verə bilərdi, amma indi alovlanıb.

Siyasətçi qeyd edib ki, Qərbin “kinli mövqe”yi bu proseslərin katalizatoru olub. Medvedev bununla bağlı iki tarixi göstərib: “Qərbin 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyaya təcavüzünü dəstəkləməsi və 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra yaranmış impotent isteriya”. Təhlükəsizlik Şurası rəhbəri iddia edir ki, Qərb Ukraynanın simasında Rusiyaya qarşı cəbhə yaratmaq istəyir:

“Məhz bu çılğın isteriya, ölkəmizi parçalamaq istəyi xüsusi hərbi əməliyyata səbəb oldu”.

Medvedev qeyd edib ki, tarix həm də başqa bir şeyi nümayiş etdirir: hər hansı dağılmış imperiya dünyanın yarısını, hətta daha çoxunu öz xarabalıqları altında basdırır: “Qərb dövlətləri bunu başa düşmür və indiki Rusiyanı özləri üçün ciddi problem olmadan dəfn etməyə ümid edirlər. Ancaq bu, bir aldanışdır. Bu, SSRİ-də olduğu kimi işləməyəcək”.

Siyasətçi hesab edir ki, Rusiyanın mövcudluğu məsələsi ciddiləşsə, bu, heç də Ukrayna cəbhəsində həll olunmayacaq, bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə həllini tapacaq”.

Medvedev Rusiya Prezidentinin oxşar bəyanatını belə ifadə edib: “Bizə Rusiyasız dünya lazım deyil”.

Rusiya rəsmisi Qərbin Ukraynanı silahlandırmasının “Qiyamət”ə səbəb ola biləcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər