Ukrayna və Qərb ölkələri Belarus Prezidenti Aleksandr Lukaşenkodan nigarandır. Kiyev və Qərb ölkələrinin paytaxtları Lukaşenkonun Ukraynaya qarşı işğala qoşulacağını ehtimal edirlər. Çünki Rusiya Prezidenti Vladimir Putinin Lukaşenkoya təzyiqi artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Putin Lukaşenkonun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir:
“Kreml sahibi bu məqsədlə bir müddət əvvəl Minskə səfər etmişdi.
Lukaşenko ölkəsinin müharibədə iştirak etməsini istəmir. Belarus cəmiyyəti, ordusu və generalları da Ukraynaya qarşı müharibənin onlara aidiyyətinin olmadığı qənaətindədirlər. Ancaq Belarus iqtisadi-siyasi zəmində Kremldən asılıdır. Bu səbəbdən Lukaşenkonun Putinə hər dəfə “yox” deməsi çətindir. Rusiyadan fərqli olaraq Belarusun Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir. Bununla Kiyev Minskə mesaj göndərir ki, fikir ayrılığına rəğmən Belarusla təmaslarını davam etdirməyə hazırdılar. Ancaq Minsk Rusiya ilə birgə müharibədə iştirak edərsə, Ukrayna Belarusa qarşı da savaşmaq məcburiyyətində qalacaq”.
Təhlildə Belarus liderinin Çinə səfərinə də diqqət çəkilib:
“Lukaşenko Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə görüşüb. Lukaşenonun bu səfərdə bir neçə məqsədi vardı.
Birincisi, Lukaşenko Ukrayna məsələsində Çinin mövqeyini dəstəklədiyinə işarə edib. O, Pekinin 12 maddəlik təklifini dəstəklədiyini vurğulayıb. Çin bir müddət əvvəl müharibənin dayandırılması üçün Rusiya və Ukraynaya 12 maddədlik təkliflər paketi göndərmişdi. Təkliflər qəbul edilməsə də, Pekinin sülh tərəfdarı olduğu imicini gücləndirməli idi. Çin Rusiyanın strateji tərəfdaşı kimi çıxış etsə də, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
İkincisi, Lukaşenko Çinlə iqtisadi əlaqələri gücləndirməyə çalışır. Çinin Belarusa yatırımlarını artırmasını istəyir. Bununla Lukaşenko iqtisadi zəmində Rusiyadan olan asılılığını azaldacağına ümid edir. Ancaq qonşuluqla davam edən müharibə Çinin Belarusa yatırımlarını artırması üçün münbit zəmin yaratmır. Pekin Mərkəzi Asiya ölkələrinə böyük investisiyalar qoyub, eynisini Belarus üçün etməsi çətindir. Rusiya-Ukrayna müharibəsi dayandırımalıdır ki, Pekin Belarusa yatırım qoymaq barədə qərar verə bilsin”.
Təhlildə vurğulanır ki, Qərb ölkələri Rusiya ilə yanaşı, Belarusa sanksiyalar tətbiq edir:
“ABŞ-ın Çinlə münasibətlərində də gərginlik var. Vaşinqton və Brüssel Pekini xəbərdar edib ki, Çin Rusiyaya silah və hərbi texnika satmasın. Pekin qərar verməyib. Çinin əsas ticarət tərəfdaşları Qərbdədir. Ona görə də Pekin Ukraynadakı müharibənin qısa müddətdə bitməsini istəyir. Ancaq Pekin Moskvaya təsir edə bilmir. Bu mənada Pekin Moskvaya mesajını birbaşa ötürməklə yanaşı, Belarus prezidentinin vasitəçiliyindən də istifadə edə bilər. Bütün hallarda Rusiya-Belarus-Çin siyasi ittifaqı Qərbin xoşuna gəlməyəcək və bu amil Pekinin Qərb ölkələri ilə münasibətlərində əlavə problemlər yaradacaq”.