Çin Ukraynada müharibənin bu ilin yayında başa çatacağına və qalibin Rusiya olacağını, hər şeyin “Səma İmperiyası”nın “sülh planı” üzrə gedəcəyini iddia edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” qəzeti yazır.
Nəşr qeyd edir ki, “sülh planı”nın elan edilməsindən iki ay əvvəl Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı analitik mərkəz Ukraynadakı müharibə ilə bağlı hesabat yayıb. Sənəddə bildirilirdi ki, Ukrayna ərazisində hərbi əməliyyatlar təxminən 2023-cü ilin yayına qədər davam edəcək.
İddiaya görə, müharibənin başa çatmasının əsas səbəbi Ukrayna və Rusiya iqtisadiyyatlarının tükənməsi olacaq, bu da payızda döyüşlərin davam etdirilməsinə imkan verməyəcək. Hesabatda qalibin işğalçı dövlət olacağı deyilir. Amma yapon analitiklər belə bir qənaətin Moskva ilə sıx əlaqədə olan Pekinin işğalçını razı salmaq cəhdi ola biləcəyini düşünürlər.
Rusiyanın işğalı müharibəyə başlamasının ildönümündə (fevralın 24-də) Çin müharibəyə son qoyacaq 12 bənddən ibarət “sülh planı”nı təqdim edib. Amma planda Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılması tələbi yoxdur. NATO və Avropa Birliyi Çinin “sülh planı”nı tənqid edib. Rusiya və Belarusla yanaşı, Macarıstan və Qazaxıstan bu “təşəbbüs”ü dəstəkləyib.