14 Mart 2023 21:28
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü biznesmen Tamaz Somxişvili Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili ilə sıx əlaqələr saxlayır və onunla rusiyalı “qanuni oğru” Şakro Molodoy arasında vasitəçi kimi çıxış edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı jurnalist və teleaparıcı Sergey İvanov məlumat yayıb.

İvanov Somxişvili ilə İvanişvili arasında birbaşa əlaqəni aşkar edən gürcü jurnalistlərin araşdırmasına istinad edib.

“İvanişvilinin “Gürcü Arzusu” Partiyası Gürcüstanda hakimiyyəti ələ keçirmək üçün “xüsusi əməliyyat” keçirən Rusiya hərbi kəşfiyyatının (QRU) himayəsi altında yaradılıb. İvanişvili Kremlin himayəsindədir, onun agentidir və hakim partiya vasitəsilə Gürcüstan hökumətinə nəzarət edir. Tiflisdə etirazlara səbəb olan “Xarici agentlər” haqda bədnam qanun layihəsi Moskvanın növbəti təxribatçı təşəbbüsüdür və Rusiya təbliğatçılarının Gürcüstanı raket zərbələri ilə hədələmələri bunu təsdiqləyir”, - İvanov bildirib.

Jurnalist xatırladıb ki, Bidzina İvanişvilini ölkəsində “gürcü Medvedçuk” adlandırırlar, çünki o da Medvedçuk kimi Kremlin göstərişlərini yerinə yetirir:

“Yəni Taras Kozak Medvedçuk üçün kim idisə, İvanişvili üçün Somxişvili də odur”.

Tamaz Somxişvili və Bidzina İvanişvili çoxdankı biznes ortaqlarıdır, bunu dövlət reyestrlərinin məlumatları da təsdiqləyir.

Bu günlərdə Tiflisdə İvanişvilinin “Gürcü Arzusu” Partiyasının Rusiyada qüvvədə olan qanuna bənzər qanunun qəbul edilməsi təşəbbüsünə qarşı kütləvi etiraz aksiyaları keçirilir. İctimaiyyətin təzyiqi ilə Gürcüstan hakimiyyəti qanunun qəbulundan imtina etməyə məcbur olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər