ABŞ Ukrayna ordusunu sürətlə yaz əks-hücumuna hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.
Məlumatda bildirilir ki, mayın sonunadək əks-hücum gözlənilir. Kiyevin döyüş meydanındakı strategiyasından asılı olmayaraq, ABŞ Ukrayna hərbçilərinin döyüşü davam etdirmələri üçün lazım olan silahlara malik olmasını istəyir.
Yüzlərlə Qərb tankı və zirehli texnikası, o cümlədən ilk dəfə olaraq körpü qura bilən və qoşunların çaylardan keçməsinə imkan verən səkkiz zirehli texnika hücum üçün Ukraynaya göndərilir.
Amerikalı və avropalı tərəfdaşlar Ukrayna ordusunu ən çox ehtiyacı olan çoxlu sursat və 155 mm-lik mərmilərlə də təchiz edəcək.
Nəşr rəsmi mənbəyə istinadən yazır ki, dörd-beş ay əvvəl ABŞ-dan aldığı yardım paketlərində bu əks-hücum üçün Ukraynaya lazım olan şeylər var.
ABŞ rəsmilərinin sözlərinə görə, Kiyev hələ strategiya barədə qərar verməyib, amma onun iki yolu var: Xerson vasitəsilə cənuba doğru irəliləmək və ya şimal mövqeyindən şərqə, sonra isə cənuba doğru hərəkət edərək Rusiyanın quru yolunu kəsmək.
ABŞ-da birinci variant qeyri-real hesab olunur, çünki Rusiya Dnepr çayının şərq sahilində müdafiəni gücləndirib və Ukraynanın belə qüvvələrə qarşı uğurlu desant əməliyyatı üçün canlı qüvvəsi yoxdur. Rəsmilərin fikrincə, ikinci variant daha çox ehtimal olunur.
Silah yardımı ilə yanaşı, bu ay yüksək rütbəli amerikalı generallar Ukrayna hərbçilərini Almaniyanın Visbaden şəhərində müharibənin növbəti mərhələsi üçün bir sıra hərbi təlimlər keçiriblər.