ABŞ-ın baş qərargah rəisi Mark Milli və müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsində 2024-cü ilin müdafiə büdcəsi ilə bağlı iclasda iştirak edib.
Teleqraf.com xəbər verir ki, iclasda əsas müzakirələrdən biri İranın terrorçu fəaliyyətləri və molla rejiminin dəstəklədiyi radikal qruplaşmaların İraq və Suriyada ABŞ bazalarına hücumları olub.
İranın bölgədə qeyri-sabitliyə səbəb olan fəaliyyətlərlə məşğul olduğunu və Amerika hərbçilərinin yerləşdiyi bazalara hücumlarını davam etdirdiyini deyən Milli Tehranın nüvə silahları üçün lazım olan materialı iki həftədən az müddətdə əldə edə biləcəyini bildirib.
“Bundan sonra onlara tam nüvə silahı yaratmaları üçün cəmi bir neçə ay lazımdır. ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməmək siyasətində qərarlıdır. İran nüvə silahı hazırlamaq qərarına gəlsə, ABŞ ordusu administrasiyanın nəzərdən keçirməsi üçün bir neçə hərbi variant hazırlayıb”, - baş qərargah rəisi söyləyib.