BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İranın bir sıra aktivlərini dondurmaqla “beynəlxalq hüququ pozduğuna” qərar verib və ona təzminat ödəməyi tələb edib.
Teleqraf.com xəbər verir ki, iclasda müvafiq qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib.
“Hakimlər ABŞ-ın İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndləri üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar bu qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb.
O əlavə edib: “Məsələ tərəflərin hər birinin tələbi ilə məhkəmə tərəfindən həll oluna bilər”.
Təzminat bəzi İran şirkətlərinin aktivlərini əhatə edir, İran Mərkəzi Bankının dondurulmuş vəsaitlərini yox.
Məhkəmə bu məsələdə lazımi yurisdiksiyaya malik olmadığına qərar verib.
İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb, ABŞ isə etiraz edib.