5 Aprel 2023 15:43
3 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Ukrayna ilə “məsələ”ni bitirməmiş Qazaxıstana keçib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Mərkəzi Asiyanın bu ölkəsinin şimalındakı Petropavlovsk şəhərində 19 “fəal” bölgədə öz “müstəqilliklərini” açıqlayıb və “Xalq Şurası” çağırışı ediblər:

“Separatçılar vurğulayıblar ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini” elan ediblər. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər. Onlar bununla bağlı xüsusi mətn yayıblar.

SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb. Ancaq indi durum fərqlidir. Kreml Rusiyanın perimetri boyu “rus dünyası” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir”.

Elxan Şahinoğlu qeyd edib ki, Ukraynada da hadisələr belə başlamışdı:

“Yaxşı yadımdadır, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyillər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırkı həddə gətirib çıxardı.

Sanki Qazaxıstan üçün də eyni ssenari hazırlanıb. Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyib və bölgədə ikinci Donbas yaratmayıb, Astana məsələni həll etmək məcburiyyətindədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər