Rusiyanın Ukraynaya müdaxiləsindən sonra birdən-birə həssas məsələyə çevrilən NATO-nun baş katibi postunu Yens Stoltenberqdən sonra kimin tutacağı müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Politico” qəzeti səlahiyyət müddəti sentyabrda başa çatacaq Stoltenberqi Avropa Komissiyasının sədri Ursula fon der Leyenin əvəz edə biləcəyini yazır.
Amerika nəşrinə görə, alman siyasətçinin Vaşinqtonla yaxşı əlaqələrinin və keçmişində müdafiə naziri olması, eləcə də Avropa Komissiyasının rəhbəri olduğu müddətdə bir çox NATO ölkələrinin liderləri ilə işləməsi fon der Leyeni namizədlərin yarışında önə çıxarır.
Adının son zamanlarda Brüsseldəki müzakirələrdə tez-tez çəkildiyi deyilsə də, alman siyasətçinin bu rolu istəyib-istəmədiyi bəlli deyil.
Oxşar durumun Hollandiya Baş naziri Mark Rutte üçün də keçərli olduğu, amma onun NATO baş katibi postunu qətiyyən istəmədiyi qeyd edilib.
Leyenin namizədliyi qarşısında ən böyük maneələrdən birinin Avropa Komissiyasında 2024-cü ilə qədər davam edəcək vəzifəsi olduğu bildirilərkən, bir sıra rəsmi mənbələr Stoltenberqin mandatının gələn ilin yayına qədər uzadılması halında ona yolun açılacağını deyirlər.