“Vaqner” muzdluları şəhərin əsas dəmir yolu ilə Kostyantinivka - Çasiv Yar - Baxmut marşrutunun şimalına doğru irəliləyərək Baxmutda müəyyən uğurlar əldə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
“Vaqner”in hücum bölmələri Baxmutun şimal-qərbində və mərkəzində iki qəsəbəni ələ keçiriblər.
Hazırda Baxmutun mərkəzində dəmir yoluna nəzarət uğrunda döyüşlər gedir. Rusiyanın nizami qüvvələri isə şəhərin şimalında mövqe döyüşləri aparır.
“Vaqner” lideri Yevgeni Priqojin isə muzdlularının Baxmut daxilində yavaş irəlilədiklərini deyib. ISW-nin hesablamasına görə, Priqojin bununla artilleriya mərmilərinin tədarükünü gücləndirmək üçün Rusiya Müdafiə Nazirliyinə təzyiq edir. “Vaqner” lideri gündə 100-200 m-dən çox irəliləmək üçün qeyri-müəyyən müddətə ən azı 6000 mərmi lazım olduğunu söyləyib.
Baxmut şəhəri uğrunda döyüşlər ötən ilin yayından gedir. ISW şəhərin 80 faizə yaxınının Rusiya və “Vaqner” qüvvələri tərəfindən işğal olunduğunu ehtimal edir.