Beynəlxalq Kriminal Polis Təşkilatı (INTERPOL) Mərkəzi və Cənubi Amerika ölkələrində bu günə qədər keçirdiyi ən böyük əməliyyatlarında 14 260 nəfəri saxladığını, 8 263 odlu silah və 305 min sursat ələ keçirdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Trigger IX” adlı əməliyyatda 5.7 milyard dollar dəyərində ümumilikdə 575 ton narkotik və narkotik istehsalında istifadə olunan xammal da ələ keçirilib.
Meksika, Braziliya, Kolumbiya, Argentina, Çili, Ekvador, Salvador, Boliviya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Uruqvayda keçirilən əməliyyatda bu ölkələrin hər birindən 100-dən çox təhlükəsizlik əməkdaşı iştirak edib.
“Trigger IX” əməliyyatı nəticəsində “Primeiro Comando da Capital”, “Mara Salvatrucha” və “Balkans Cartel” də daxil olmaqla 20 cinayətkar təşkilatın fəaliyyəti dayandırılıb. Açıqlamada ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılarla Mübarizə Bürosu (ATF) və Daxili Təhlükəsizlik İstintaq Ofisinin (HSI) də əməliyyata dəstək verdiyi bildirilib.