Müdafiə naziri Aleksey Reznikov “Patriot” hava hücumundan müdafiə sistemlərinin artıq Ukraynada olduğunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, nazir Almaniyanın çoxdan gözlənilən hava hücumundan müdafiə sistemini aprelin 18-də Kiyevə təhvil verdiyini açıqlayıb.
Reznikov bildirib ki, hələ 2021-ci ilin avqustunda baş nazirin müavini olarkən ABŞ-a səfər edib və amerikalı tərəfdaşlarına Ukraynanın “Patriot”lara ehtiyacının olduğunu deyib. Onun sözlərinə görə, həmin vaxt Ukraynanın azadlığı və müstəqilliyi artıq təhlükə altında idi. Amma bu sistemlərin təmin edilməsinin mümkünsüzlüyü ilə bağlı cavab alıb.
“İndi qeyri-mümkün olan mümkün oldu. Bu gün bizim gözəl Ukrayna səmamız daha da güclü qorunur, çünki “Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib”, - Reznikov vurğulayıb.
Müdafiə naziri qeyd edib ki, ukraynalı hərbçilər bu sistemləri tez bir zamanda mənimsəyiblər: “Tərəfdaşlarımız öz sözlərinə əməl etdilər. Bu, Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi gərgin əməyin nəticəsidir”.
Reznikov ABŞ müdafiə naziri Lloyd Ostinə, Almaniya müdafiə naziri Boris Pistoriusa və Hollandiya müdafiə naziri Kaysa Ollonqrenə təşəkkür edib.
“Biz birlikdə qalib gələcəyik”, - nazir vurğulayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, bu kompleks 150 km-ə qədər məsafədə raketlərə çatmaq qabiliyyətinə malikdir: “Bu isə o deməkdir ki, Rusiya aviasiyası daha Ukraynanı raket zərbələri ilə dəhşətə sala bilməyəcək. İndi Ukrayna bu məsafədən düşmən hədəflərini məhv edə biləcək”.
“Həmçinin “Patriot” sistemləri “İskəndər-M” tipli ballistik raketlərini 40 km məsafədə məhv etməyə imkan verəcək”, - İqnat deyib.