Xilasedicilərin Malayziyanın “AirAsia” şirkətinə məxsus təyyarənin dənizə düşdüyü ərazidə çıxardıqları cəsədlərin sayı iyirmi ikiyə çatıb. Bu barədə yanvarın 2-də İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi məlumat yayıb.
Hazırda İndoneziyanın Surabaya şəhərindəki məhkəmə-tibb ekspertizası mərkəzində cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi gedir. Bununla bərabər, mürəkkəb hava şəraiti axtarış-xilasetmə əməliyyatlarının aparılmasına maneə yaradır, güclü dalğalar dalğıclara işləməyə imkan vermir. Qəzanın baş verməsinə tam aydınlıq gətirəcək təyyarənin “qara qutuları” hələ də aşkar edilməyib.
2014-cü il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.