“ABŞ və Cənubi Koreya arasında son razılaşma daha ciddi təhlükəyə gətirib çıxaracaq".
Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın Fəhlə Partiyasının Mərkəzi Komitəsində yüksək vəzifə tutan bacısı Kim Yo-conq deyib.
Onun sözlərinə görə, Şimali Koreyanın nüvə silahlarının qarşısının alınması mübarizəsi daha da təkmilləşdirilməlidir.
“Düşmənlər nüvə təlimləri keçirməyə nə qədər hazır olsalar və Koreya yarımadası yaxınlığında daha çox nüvə silahı yerləşdirsələr, bizim özünümüdafiə hüququmuz bir o qədər möhkəmlənəcək”, - Kim Yo-conq deyib.
Şimali Koreya rəsmisi xəbərdarlıq edib ki, bu addım yalnız Şimal-Şərqi Asiya və bütün dünyanın sülh və təhlükəsizliyinin daha ciddi şəkildə təhdid edilməsinə gətirib çıxaracaq.
Kim ABŞ Prezidenti Co Baydenin Amerikay və ya onun müttəfiqlərinə nüvə hücumunun Şimali Koreyadakı rejimin sonu ilə nəticələnəcəyinə dair xəbərdarlığını “yaddaşsız adamın axmaq sözləri” adlandırıb.
Cənubi Koreya prezidentini isə “bacarıqsızlığı ilə təhlükəsizliyi böhrana sürükləyən axmaq” kimi xarakterizə edib:
“ABŞ və Cənubi Koreyanın boş xəyalları bundan sonra daha güclü cavab alacaq”.
ABŞ Cənubi Koreyada nüvə sualtı gəmiləri yerləşdirmək qərarı verib. Eləcə də, Seulu Şimali Koreyadan gələn nüvə təhlükələrinə qarşı nüvə planına daxil edib. Bunun müqabilində Cənubi Koreya öz nüvə silahını hazırlamamağa razı olub.
Vaşinqton Bəyannaməsi kimi tanınan razılaşma bu həftə ABŞ Prezidenti Co Baydenin Vaşinqtonda cənubi koreyalı həmkarı Yun Suk-yolla danışıqları zamanı elan edilib.