Rusiya Müdafiə Nazirliyi Ukraynaya raket zərbələrinin nəticələri barədə fəal açıqlamlar verməyə başlayıb. Belə bir gündəm Ukrayna ordusunun əks-hücumuna görə Rusiyada narahatlığın səviyyəsini azaltmaq məqsədi daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri deyiblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Murmansk vilayəti və Xəzər dənizi yaxınlığından Rusiya hərbi aviasiyasının 9 TU-95 və 2 TU-160 strateji bombardmançı təyyarəsinin havaya qalxması barədə məlumat yayıb. Rus qırıcıları son sutka ərzində Ukrayna ərazisində 18 “X-101” və “X-555” qanadlı raket atıblar. Bunlardan 15-i Ukrayna hərbçiləri tərəfindən vurulub.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye obyektlərini vurduqlarını və hasilatı uğurla dayandırdıqlarını açıqlayıb. Rusiya hərbçiləri iddia edirlər ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərini və Pavloqraddakı nəqliyyat qovşağını məhv ediblər.
ISW Rusiya raketlərindən birinin Pavloqrad kimya zavoduna düşdüyünü və nəticədə güclü partlayışın baş verdiyini bildirir.
“Son vaxtlar Rusiya Müdafiə Nazirliyi ritorikasını dəyişib, zərbə kampaniyaları haqda geniş məlumat verməyə başlayıb. Yəqin ki, Rusiya informasiya məkanında Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı artan narahatlıq fonunda proaktiv yanaşma nümayiş etdirməyə çalışır”, - ISW qeyd edir.