18 May 2023 22:26
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Newsweek” nəşrində mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkiləri ilə əlaqədar təhlil dərc olunub.

Teleqraf.com xəbər verir ki, müəllifi Əsəd Sam Hanna olan məqalə “Ərdoğana “diktator” deməyi dayandırın. Diktatorlar ikinci tura qalmır” adlanır.

Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı qarayaxma kampaniyalarının aparıldığı və bu təsəvvürü yaratmaq üçün bəzi ifadələrin işlədildiyi bildirilir.

Hanna Qərb mediasının Türkiyədə keçirilən seçkilərə inanmadığını yazır: “Halbuki Ərdoğan demokratik yolla seçilmiş prezidentdir”.

Müəllif məqalənin davamında aşağıdakı ifadələrə yer verir:

“Diktaturada seçkinin nəticələrini səbirsizliklə gözləyən insanlara rast gəlməzsiniz. Azad seçkilər istənilən demokratiyada vacibdir. Amma bu seçkilərin nəticələrini tanımaq demokratik prosesin qorunub saxlanmasının ən vacib hissəsidir. Nəticəni bəyənsək də, bəyənməsək də, qalibi dəstəkləsək də, dəstəkləməsək də qalib qalibdir. Nəticəni pisləmək və kənar müdaxilə ittihamı irəli sürmək sistemdə yalnız şübhə toxumu səpir və siyasi parçalanmanı artırır”.

Səsvermənin ikinci turunun günlər sonra keçiriləcəyini qeyd edən Hanna fikrini bu sözlərlə yekunlaşdırır:

“Ərdoğana qalib gəlmək üçün əlavə 1 faiz səs lazımdır. Müxalifətə qalib gəlmək üçün isə 5 faizdən çox səs lazımdır.

Bəllidir ki, Qərb hökumətləri və onların mediası türk xalqının iradəsinə baxmayaraq, Türkiyə müxalifəti hakimiyyətə gələnə qədər Türkiyədə keçirilən seçkiləri “saxta” adlandırmağa davam edəcək. Bu, əsassız iddiadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər