Ukrayna müdafiə naziri Aleksey Reznikov başqırdlara müraciət edərək, onları Ukraynada müharibəni dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, nazir müraciətində başqırd xalqının bütün problemlərinin kökünün Moskva və Ufada olduğunu bildirib.
Reznikov Başqırdıstan Respublikasının Rusiya regionları arasında Ukraynadakı müharibədə itkilərə görə liderlərdən biri olduğunu, minlərlə başqırdın öldürüldüyünü və ya şikəst edildiyini vurğulayıb. O, qeyd edib ki, respublika hökuməti şəxsi mənafeyini güdərək və Kremlin maraqları üçün öz xalqını göz görə-görə ölümə göndərir.
“Başqırd xalqı üçün problem və təhlükələri sadalasaq, onların heç birinin səbəbkarı Ukrayna və ya ukraynalılar deyil. Bütün səbəblərin kökü Moskva və Ufadadır”, - Reznikov bildirib.
Nazir müraciətini başqırd dilində də edib və başqırları Ukraynanı tərk etməyə çağırıb:
“Xalqınızı Ukraynadan çıxarın. Bizə müharibə cinayətkarlarını verin. O zaman biz xalqlarımız üçün ən yaxşı gələcəyin qurulmasında müttəfiq olacağıq. Kreml artıq bu müharibəni uduzub. Biz birlikdə onu imperiya ambisiyalarından əl çəkməyə məcbur edəcəyik. Bu, nə qədər tez baş verərsə, bir o qədər çox insan xilas olar”.
Məlumata görə, Rusiyanın Ukraynadakı itkiləri 204 mindən çoxdur. Ölənlərin sayı yaşadıqları yerdən asılı olaraq dəyişir. Bundan əvvəl bildirilmişdi ki, ən böyük itkilər böhrana məruz qalmış regionlardan, ən azı isə zəngin və inkişaf etmiş bölgələrdəndir.
Ukrayna Prezident Aparatı Rusiyada etniklər arasında münaqişələrin getdikcə artacağını, partizan hərəkatlarının başlayacağını proqnozlaşdırır.