“Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun Rusiyanın Belqorod vilayətində əməliyyatı nəticəsində Ukrayna hərbi kəşfiyyatı üçün vacib məlumatlar toplanıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Yusov deyib.
Onun sözlərinə görə, federasiyaya sızan rus partizanlarının vəzifəsi ölkəni Putin rejimindən azad etməkdir, bu məqsədlə müqavimət qüvvələri həm sərhədyanı kəndlərdə fəaliyyət göstərir.
“Belqorod vilayətindən danışırıqsa, onların əsas missiyası müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadıqları bu əraziləri Putin rejimindən azad etməkdir. Söhbət siyasi şüuru yüksək səviyyədə olan xalqlardan – Qafqaz və Tatarıstan xalqlarından gedir. Bu ərazilər birbaşa xarici işğalla ələ keçirilib”, - Yusov qeyd edib.
QUR nümayəndəsi həmçinin vurğulayıb ki, “Rusiya Könüllülər” Korpusu və “Azad Rusiya” Legionunun Belqoroddakı əməliyyatlarına cavab olaraq, qoşunlarını yenidən toparlamaq məcburiyyətindədir. Yusov Belqorodda baş verənlərin Rusiyanın Ukraynadakı əməliyyatlarına təsir edəcəyini iddia edib. O, könüllülərin sərhədi keçmələrini “Rusiyanın Ukraynaya müdaxiləsinin qeyd-şərtsiz nəticəsi” adlandırıb.
“Ərazilərin coğrafi və siyasi adları dəyişə bilər. Hazırda “Rusiya Federasiyası” adlandırılan əraziyə müxtəlif mərhələlərdə fərqli adlar verilmiş müxtəlif tarixi torpaqlar daxildir. Ona görə də bu ad bu gün belədir, sonrasınl görəcəyik”, - Yusov vurğulayıb.
Eyni zamanda, kəşfiyyat nümayəndəsi deyib ki, Belqorodda keçirilən əməliyyat nəticəsində Ukrayna hərbi kəşfiyyatı üçün əvəzsiz məlumatlar toplanıb və məlum səbəblərə görə bu məlumatlar açıqlanmayacaq. Amma “lüt kral” kimi xarakterizə etdiyi bu məlumatların bir hissəsinin şifahi olaraq dünyaya məlum olduğunu söyləyib. Yusov izah edib ki, söhbət Putinin güc aparatının tükənməsindən və Rusiyanın daxili hücumlara qarşı zəifliyindən gedir.
Rusiyalı könüllülər və ya partizanlar mayın 21-də Belqorod vilayətinin Qrayvoron rayonunda əməliyyata başladıqlarını açıqlayıblar. Nəticədə Rusiyanın sərhədyanı ərazilərində toqquşmalar başlayıb. Hazırda könüllülərin bir qisminin orada qaldığı iddia olunur. Bu gün isə Belqorod yaxınlığında Daxili İşlər Nazirliyinin binasına hücum edilib.
Ukrayna tərəfi baş verənləri "rusiyalı könüllülər tərəfindən təşkil olunan xüsusi əməliyyat" adlandırır.