ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə büdcə məsələsində razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, ABŞ lideri bu barədə tviterdəki hesabında yazıb.
“Bu axşam (yerli vaxtla-red) spiker Makkarti (Nümayəndələr Palatasının spikeri Kevin Makkarti-red) ilə büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, işləyən insanlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır.
Saziş mənim əsas prioritetlərimi və Konqresdəki Demokratların qanunvericilik uğurlarını qoruyur. Razılaşma güzəştdir, yəni hər kəs istədiyini almır. Bu, rəhbərliyin məsuliyyətidir. Saziş Amerika xalqı üçün yaxşı xəbərdir, çünki o, fəlakətli defolt və iqtisadi tənəzzülə, pensiya hesablarının boşalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola biləcək hadisələrin qarşısını alır. Növbəti gün danışıqlar qruplarımız qanunvericilik mətnini yekunlaşdıracaq, razılaşma Birləşmiş Ştatların Nümayəndələr Palatasına və Senatına təqdim olunacaq”, - Bayden qeyd edib.
Yerli mətbuat isə bildirib ki, Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün aparılan danışıqlarda ABŞ-ın dövlət borcunun tavanının artırılması və büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılıq əldə olunub.