“Azad Rusiya” Legionu Belqorod vilayətində hərbi toqquşmalar barədə Rusiyadan gələn məlumatı təsdiqləyən müraciət yayıb.
Teleqraf.com xəbər verir ki, legion döyüşçüləri müraciətlərində bütün Rusiyanı azad etməyə hazırlaşdıqlarını deyirlər.
Legion bir qrup hərbçisinin artıq Rusiya sərhədində olduğunu, tezliklə ölkə ərazisinə daxil olacağını iddia edir.
“Biz “Azad Rusiya” Legionu vətənimizin sərhəddinin yaxınlığındayıq. Tezliklə Rusiyaya azadlıq, sülh və əmin-amanlıq gətirmək üçün irəliləməyə başlayacağıq. Qreyvoron (Belqorodun rayonu) yalnız başlanğıcdır. Putinin hərbçilərinin qorxaqlığı nəticəsində çoxlu qənimətlər əldə etmişik, bunların sayəsində qardaşlarımızı daha çox silahlandıra biləcəyik.
Biz bütün Rusiyanı – Belqoroddan tutmuş Vladivostoka qədər azad etməyə gedirik, Moskvada azadlıq bayrağı dalğalansın”, - müraciətdə deyilir.
Bundan başqa, “Rusiya Könüllülər” Korpusu da müraciət yayıblar. Korpusun hərbçiləri bəyan edirlər ki, Rusiya ərazisində döyüşə başlayıblar, tezliklə Şebekinonun ətrafında olacaqlar.
“Evdə qalın və narahat olmayın! “Rusiya Könüllülər” Korpusunun döyüşçüləri mülki şəxslərlə döyüşmür” – müraciətdə qeyd olunur.
Dünən “The Times” qəzeti Vladimir Putin rejimini devirmək istəyən “Azad Rusiya” Legionunun Moskvaya hücum üçün minlərlə rusiyalını öz sıralarına cəlb etdiyini yazıb.
Bu gün səhər saatlarında Rusiya Teleqram kanalları Ukrayna ilə sərhəddə döyüşün getdiyini bildiriblər. Məlumata görə, Şebekino gecə saatlarında güclü atəşə tutulub və Rusiya hərbçilərinə hücum edilib. Atılan mərmilərdən biri Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin binasına düşüb. Sakinlərin müəyyən qismi evlərini tərk etmək məcburiyyətində qalıb.
Rusiya KİV-i də Ukrayna ilə sərhəddə baş verən döyüş barədə məlumat yayıb.
"Rusiya ilə Ukrayna sərhədində döyüş gedir. İlkin məlumata görə, diversantlar tankların köməyi ilə Şebekinoya hücum ediblər. Onların qarşısını sərhədçilər və Müdafiə Nazirliyinin əsgərləri alır", - məlumatda deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, Maslova yaxınlığında Şebekinoya gedən yol bağlanıb.