Rusiya ordusu Luqansk və Donetsk vilayətlərini tam şəkildə işğal etmək cəhdlərini davam etdirir. Son sutka ərzində cəbhənin bu istiqamətlərində 29 hərbi toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar Kupyan istiqamətində Novoselivsk yaxınlığında uğursuz hücum əməliyyatı keçirib. Onların Liman istiqamətində Makiv və Spirniyə hücumları da nəticə verməyib.
Rusiya qoşunları Baxmut istiqamətində İvanivskdə irəliləməyə cəhd etsələr də, uğur qazana bilməyiblər. Avdiv istiqamətində isə şəhərə hava zərbələri endirilib.
Rus ordusu Marin şəhəri ərazisində hücum əməliyyatları keçirib. Ukrayna qüvvələri bu istiqamətdə 14 hücumun qarşısını alıb. Ruslar xeyli canlı qüvvə və texnikasını itirib.
Bundan başqa, ötən sutka ərzində Ukrayna aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 15, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib. Ukraynalılar bu müddət ərzində 15 qanadlı raketi və 17 İran hücum PUA-sını da məhv ediblər.
Eyni zamanda, Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri rusların idarəetmə məntəqəsini, 2 silah-sursat anbarını, 2 radioelektron döyüş stansiyasını, 1 radiolokasiya stansiyasını və yaylım atəşi sistemini vurub.