5 İyun 2023 16:45
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin İran üzrə xüsusi nümayəndəsi Robert Melli bu yaxınlarda Tehranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə bir neçə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Mellinin Əmir Səid İrəvani ilə təmasları Donald Trampın prezidentliyindən sonra Vaşinqton və Tehran rəsmiləri arasında ilk birbaşa təmas ola bilər.

Tramp 2018-ci ildə ABŞ-ın İranla nüvə sazişindən çıxdığını açıqlayıb.

Qəzet diplomatin mənbələrə istinadla yazır ki, İrəvani keçən il BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfir təyin olunmazdan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli üzvü olub.

Bayden administrasiyasına yaxın olan adı açıqlanmayan mənbə qəzetə deyib ki, danışıqlarda əsas diqqət mümkün məhbus mübadiləsinə yönəlib.

“Məhbusların mübadiləsi danışıqların başlanğıcı olacaq. Nüvə sazişinin olacağı ehtimalı azdır, amma aralıq razılaşma və ya buna bənzər bir şey ola bilər”, - diplomat əlavə edib.

Digər ABŞ rəsmisi söyləyib ki, ABŞ hökuməti həmişə diplomatiyanın İranın nüvə silahına sahib olmasının qarşısını almağın ən yaxşı yolu olduğuna inanıb.

“Financial Times”in xəbəri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın gizli nüvə fəaliyyətində şübhəli bilinən obyekti ilə bağlı təhqiqata bağlamasından sonra dərc edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər