7 İyun 2023 18:25
5 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Ali Məhkəməsi ilk dəfə olaraq PKK terror təşkilatının tərəfdarı olduğu iddia edilən şəxsin Türkiyəyə ekstradisiyasına “yaşıl işıq” yandırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı son qərarı İsveç hökuməti qəbul edəcək.

Ekstradisiyasına qərar verilən 35 yaşlı şəxs 2014-cü ildə Türkiyədə üzərində narkotik daşıdığına görə 4 il həbs cəzasına məhkum edilib.

Sözügedən şəxs şərti azadlığa buraxıldıqdan sonra İsveçə gedib, amma Türkiyə prokurorluğunun tələbi ilə yenidən həmin ölkədə həbs olunub. İsveç mətbuatı onun PKK-ya dəstək verdiyi üçün Türkiyə hakimiyyətinin hədəfində olduğunu yazıb.

Bazar günü Stokholmda NATO əleyhinə şüarlar səsləndirən və əllərində PKK bayraqları daşıyan yüzlərlə insan İsveçin yeni antiterror qanununa etiraz edib. İsveçdə iyunun 1-dən qüvvəyə minən yeni qanun terror təşkilatına üzvlük və təbliğatla bağlı cəzaları sərtləşdirib. Bu tənzimləmə Türkiyənin İsveçə NATO vetosunun ləğvi üçün irəli sürdüyü şərtlərdən biridir.

İyulun 11-də Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Ankaranın İsveçin tamhüquqlu üzvlüyünü təsdiq edəcəyi güman olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər