14 İyun 2023 15:00
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın ABŞ sərhədində yerləşən Tixuana şəhərinin qadın bələdiyyə sədri Montserrat Kabalero Ramirez ölüm təhdidləri və cangüdənləri silahlı hücuma məruz qaldıqdan sonra hərbi bazada yaşamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador 40 yaşlı Ramirezin Milli Qvardiyanın tələbi ilə 15 gündür şəhər yaxınlığındakı bazada qaldığını bildirib.

Obrador bələdiyyə sədrinin burada qeyri-müəyyən müddətə qalacağını deyib: “Ramirez 15 gündür ki, təhdidlər aldığından qorunmağa ehtiyacı olduğu qərara alınıb. Onunla danışdıq və razılığa gəldik ki, kömək edək, müdafiə edək və bundan sonra da edəcəyik”.

Obrador əlavə edib ki, ştat qubernatoru Marina del Pillar və Tixuana senatoru Xayme Bonilla Valdez də təhdid edilib.

Ramirez isə verdiyi açıqlamada belə söyləyib: “Həyatım asan olmayıb. Bir oğlum var, ailəmə və şəhərimə söz vermişəm”.

Meksikanın şimal-şərqində yerləşən və ABŞ-ın Kaliforniya ştatı ilə həmsərhəd olan Tixuana son vaxtlar ölkənin əsas cinayətkar dəstələrinin münaqişə zonasına çevrilib.

2021-ci ildə bələdiyyə sədri seçildikdən sonra şəhərdə mütəşəkkil cinayətkarlığa qarşı sərt mövqe tutan Ramirez son olaraq 1721 silahın ələ keçirildiyini, cinayətlərdə iştirak edən 785 nəfərin tutulduğunu açıqlamışdı.

Mayın 19-da Ramirezin cangüdənlərinə naməlum şəxslər tərəfindən silahla hücum edilib. Bu hadisə Ramirezə xəbərdarlıq kimi şərh olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər