16 İyun 2023 12:43
6 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Təl-Rıfat və Mənbiç bölgələrindəki terror hədəflərini məhv edən Türkiyə Silahlı Qüvvələri 16 terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, Türkiyəyə qarşı raket hücumundan sonra başlayan əməliyyatlarda 5 gündə 57 terrorçu məhv edilib.

Bəs Təl-Rıfat və Mənbiçdəki əməliyyatlar nədən xəbər verir? Proses quru əməliyyatları ilə davam etdirilə bilərmi?

Terror və təhlükəsizlik mütəxəssisi, keçmiş kəşfiyyatçı Coşqun Başbuğ baş verənləri şərh edib:

“Təl-Rıfat və Mənbiç haqlarında çox danışdığımız coğrafiyadır. Əməliyyatların haradan başlayacağı sualı veriləndə də ilk ağla bu bölgələr gəlir. Bu bölgələr əməliyyatlarımızla tələyə düşmüş terrorçuların toplandığı yerlərə çevrilib. Bu bölgə əməliyyat zonalarımızı və sərhəd bölgələrimizi təhdid edir. Hücumlar da bu bölgədən gəlir. Partlayışlar və ya kamikadze hücumları kimi addımların planlaşdırıldığı yer Təl-Rıfat və Mənbiçdir. Türkiyə bu bölgəyə hər zaman önəm verib və gündəmdə saxlayıb.

Türkiyəyə yönəlik son hücum da bunun ən böyük sübutudur. Hücumlar həmişə burada planlaşdırılır və buradan başlayır. Raket hücumunu Təl-Rıfatdan olan terrorçular həyata keçirib. Kəşfiyyat məlumatları əsasında lokal əməliyyat olacağını demişdik, hazırda bu davam edir.

Türkiyə bu bölgədə əməliyyat planlaşdırmışdı, amma Rusiyanın xahişi ilə Suriya rejimi ilə dialoqa girdik. Bununla bağlı çox mühüm müzakirələr oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Putindən gələn bu xahişə cavab verdi. Danışıqlar belə başladı. Suriya ilə aşağı səviyyələrdə danışıqlar aparılır. Nazirlər səviyyəsində danışıqlar aparılıb. Bu, daha sürətli olmalıdır. Biz görüşləri keçirib nəticə əldə etməyə çalışarkən hücum baş verir.

Bu prosesi sürətləndirmək üçün lokal əməliyyatlar keçiririk. Əgər danışıqlar prosesi bloklanarsa və hücumlar artarsa, Türkiyənin hərəkətə keçməkdən başqa yolu qalmır. Bunlar Amerikanın ağlı ilə Türkiyəni əməliyyatdan çəkindirmək məqsədi daşıyan hücumlardır”.

Başbuğ ABŞ-ın Türkiyəyə qarşı planlarına da diqqət çəkib:

“ABŞ iki plan qurmuşdu. A planı belə idi: Millət İttifaqı iqtidara gəlsəydi, bölgədə əməliyyat olmayacaqdı, türk ordusu geri çəkiləcək və əməliyyat təhlükəsi aradan qalxacaqdı. ABŞ da bölgədə istədiyini edəcəkdi. ABŞ-ın baş planı buna əsaslanırdı. Müxalifətin seçkilərdə gündəmə gətirdiyi məsələlərdən biri də bu idi. Amma xalq təhlükəni görüb indiki siyasi iradənin lehinə mövqe tutdu. Nəticədə ABŞ-ın A planı pozuldu.

ABŞ bunu gördüyü üçün təşkilatı dirçəltmək, dəstəkləmək, hətta bu hücumları həyata keçirtməklə Türkiyəni qorxutmaq üçün yollar axtarır. Buradan ABŞ üçün nə qaçış, nə də çıxış var. Çünki türk ordusu mükəmməl əməliyyatlar aparır. 60-a yaxın terrorçu məhv edilib. ABŞ İraqdan Suriyaya Suriyadan da İraqa vertolyotlarla terrorçu daşıyır.

ABŞ indi İraq və Suriyada qalmaq şansının olub-olmamasını hesablamalıdır. Təəssüf ki, hazırda bunu etmək əvəzinə cılız hücumlarla bölgədə qalmağa çalışır. İşlər dalana dirənsə, Türkiyə əməliyyat planından bir zərrə belə geri çəkilməyəcək. Amerika artıq bizim üçün təsnif edilmir. İndi çox açıq bilirik ki, sözdə müttəfiqdir, hazırda məqsədi başqadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər