“Moskva Fransa Prezidenti Emmanuel Makronu Cənubi Afrikada keçiriləcək BRİKS sammitində yersiz qonaq hesab edir. Bu mövqe sammitə ev sahibliyi edən ölkəyə çatdırılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bizə qarşı düşmənçilik və qəbuledilməz siyasət aparan, Rusiyanın beynəlxalq aləmdə fəal şəkildə təcrid olunmasının vacibliyini qəti şəkildə dilə gətirən dövlət başçısı bizi strateji baxımdan məğlub etmək istəyən NATO-nun mövqeyini bölüşür, o, BRİKS-in qonağı kimi uyğun deyil. Biz bu mövqeyimizi gizlətmirik, bu barədə Cənubi Afrikadakı həmkarlarımıza da demişik, ümid edirik ki, nöqteyi-nəzərimiz tam nəzərə alınacaq”, - o vurğulayıb.
Ryabkov qeyd edib ki, ev sahibi ölkənin vəzifəsi dəvət olunanların dairəsini müəyyən etməkdir:
“Kimi, hansı formatda qəbul edəcəyinə ev sahibi tərəf qərar verir. Amma dəvətdən əvvəl bütün BRİKS iştirakçıları arasında məsləhətləşmələrin aparılması da az əhəmiyyət kəsb etmir”.
Ryabkov əlavə edib ki, BRİKS-in genişləndirilməsi meyarları bir müddətdir müzakirə olunur və bura üzv olmaq üçün namizədlər assosiasiyanın hər hansı fəal üzvlərinə qarşı birtərəfli sanksiyaların tətbiqini istisna edən siyasətə riayət etməlidirlər: “Fransanın bu standarta cavab vermədiyi aydındır bəllidir, tam əks xətti götürür”.