22 İyun 2023 16:48
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hazırkı etirazlar başlayandan bəri ölkədə insan haqlarına hörmət kəskin şəkildə azalıb, məhbuslara işgəncə verilməsi və edamların artması ilə bağlı xəbərlər ciddi narahatlıq yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının müavini Nəda ən-Naşif bu təşkilatın İnsan Haqları Şurasına təqdim etdiyi hesabatında deyilir.

Molla rejimi əleyhinə etirazlarda həlak olanlar arasında 10-u qız olmaqla ən azı 44 uşağın olduğuna diqqət çəkilən hesabatda ən çox etirazçının Sistan-Bəlucistanda öldürüldüyü, onlardan 10-nun uşaq olduğu bildirilib. Kütləvi etirazlarda 20 minə yaxın insan həbs edilib.

Hesabatda məcburi etiraf almaq məqsədilə saxlanılan şəxslərə işgəncə və kobud rəftar, o cümlədən qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılığa, xüsusən də həbsdə olan zaman təhlükəsizlik orqanlarının əməkdaşlarının hərəkətləri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb.

Sənəddə həmçinin İran həbsxanalarındakı pis şəraitdən, xüsusən də həbsxanaların tibbi xidmət göstərməkdən imtina etməsi, ağır tibbi durum, içməli suyun çirklənməsi və məhbusların həddindən artıq çox olması ilə bağlı narahatlıq ifadə olunub.

Ən-Nəşif İranda edamların ciddi şəkildə artması ilə bağlı narahatlığını ifadə edərək deyib: “2022-ci ildə İranda 582 nəfər edam edilib ki, bu da əvvəlki illə müqayisədə 75 faiz artımı göstərir. Ötən il İranda edam edilənlər arasında 3 azyaşlı olub, narkotiklə əlaqəli ittihamlarla 256 nəfər edam edilib”.

Qız məktəblərinə edilən kimyəvi hücumlara toxunulan hesabatda qeyd olunub ki, martın 11-dən bəri 20 əyalətdə 91 məktəbdə şübhəli zəhərlənmə nəticəsində əksəriyyəti qız olan mindən çox şagird zəhərlənib. Amma İran rəsmiləri bu olaylara bağlı izahat vermirlər, ziddiyyətli açıqlamalar verirlər.

İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının ölkəsində insan haqlarının vəziyyəti ilə bağlı hesabatını rədd edərək, onu “qeyri-dəqiq” adlandırıb.

Tehran indiyədək etirazlarda iştiraka görə 7 etirazçını edam edib. Bu yaxınlarda Ali Məhkəmənin birinci şöbəsi daha bir etirazçı Məhəmməd Qabadlonun ölüm hökmünü təsdiqləyib.

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) elan edib ki, edam edilən etirazçılardan əlavə, ən azı 7 etirazçı edam cəzasına məhkum edilib və onlarla insan ölümə məhkum olunmaq təhlükəsi ilə üzləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər