25 İyun 2023 14:52
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin dünən Rusiyanın Rostov-na-Don şəhərini ələ keçirdiyini, hərbi çevrilişə və paytaxta hücuma başladığını elan etdi. Amma bir neçə saat sonra Moskvaya yürüşünü dayandırdığını, dəstəsi ilə birlikdə bazalarına qayıtdığını açıqladı.

Teleqraf.com dünyanın gündəmində olan “Vaqner” qrupunun lideri və təsisçisi haqda bəzi faktları təqdim edir.

Aqressiv davranışı, başını keçəl qırxdırması və ictimaiyyət qarşısında çıxışları zamanı söyüşləri ilə tanınan, tez-tez ön cəbhədə görünən Priqojin Rusiyada minlərlə məhbusu “Vaqner”in sıralarına döyüşmək üçün cəlb edən müharibənin ən gözəçarpan simalardan biridir. Çıxışlarında tez-tez müdafiə naziri Sergey Şoyqu və Valeri Gerasimovu hədəfə alan Priqojin onları açıq formada hədələməkdən belə çəkinmir. Dünənki qiyamında da onları devirmək üçün Moskvaya getdiyini demişdi.

62 yaşlı Priqojin ictimai-siyasi çevrələrdə “Putinin aşpazı” kimi tanınır. Çünki sahibi olduğu şirkətin dövlət qurumları ilə anlaşmaları var. Bu baxımdan, Kremlə yaxın şəxs hesab olunur.

“Vaqner” liderinin Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin xarakteri bəlli deyil, amma bir-birlərinən yaxın şəxslər kimi tanınırlar, ikisi də Sankt-Peterburqda doğulub-böyüyüblər.

1980-ci illərdə uzunmüddətli həbsdən sonra Priqojin doğma şəhərində hotdoq satmağa başlayır. Tezliklə bir supermarket şəbəkəsində pay alır, öz restoranını və iaşə şirkətini açır. Restoranı qısa müddətdə ləzzətli yeməkləri ilə şöhrət qazanır, tezliklə şəhərin yüksək səviyyəli rəsmilərini, o günlərdə Peterburq merinin müavini olan Putini qəbul etməyə başlayır. Beləliklə, Priqojinin qida şirkəti “Konkord” dövlətlə tədarük müqavilələri imzalayır və fəaliyyətini daha da genişləndirir.

Yevgeni Priqojin ötən ilin sentyabrında etiraf etmişdi ki, özəl qoşununu 2014-cü ildə yaradıb. “Vaqner” Ukrayna ilə yanaşı, Liviya, Suriya, Mərkəzi Afrika Respublikası və Malidə hərbi əməliyyatlarda iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər