Fransada 17 yaşlı Naelin polis tərəfindən öldürülməsi nəticəsində yaranan etirazlar fonunda Prezident Emanuel Makronun və onun həyat yoldaşı Bricit Makronun Elton Conun Parisin məşhur “l’Accor Arena” salonunda keçirilən konsertində iştirak etmələri, əylənmələri mediada böyük əks-səda doğurub və hiddətə səbəb olub.
Teleqraf.com xəbər verir ki, ölkənin aparıcı xəbər portallarında və sosial mediada yayımlanan materiallarda “Heç nə onun vecinə deyil”, “O, hadisələrin mərkəzində olmaq əvəzinə, indi əylənir”, “Küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir, cənab Makron, bunu dayandırmaq üçün tez hərəkətə keçmək lazımdır” kimi fikirlərə tez-tez rast gəlinir.
Ənənəvi mediada yayılan xəbərlərin manşetlərində əsasən 17 yaşlı Naelin öldürülməsi və Makronun konsertdə iştirakı paralel yer alıb.
Makronun belə bir məqamda əyləncəyə vaxt tapması bir daha göstərir ki, onu sadə fransıların qayğıları yox, hakimiyyətə gətirmiş marginal qrupların, o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır. Çünki 17 yaşlı Naelin qətli hələ də tam araşdırılmayıb. Bütün Fransa ayağa qalxaraq Nael üçün ədalət tələb edir, amma Makronlar konsertdə rəqs edirlər.
Ölkədəki iğtişaşlar o yerə çatıb ki, Fransa Prezidenti Makron cümə günü Brüsseldə keçirilən Avropa İttifaqının ikigünlük sammitini yarımçıq tərk edib. O, həmçinin sammitin yekunlarına dair keçirilməli olan mətbuat konfransını da ləğv edib. O, Parisə qayıtdıqdan sonra antiböhran iclası keçirməlidir.
Hakimiyyət ölkədəki iğtişaşlarla mübarizə üçün 40 min polis və jandarm qüvvələri səfərbər edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən gecə baş verən qarşıdurmalar zamanı 249 polis əməkdaşı və jandarm yaralanıb.
İğtişaşlar zamanı dövlət idarələri, banklar, polis komissarlıqları dağıdılıb və ya yandırılıb, ictimai nəqliyyata və avtomobillərə od vurulub, bir çox mağazalar talan edilib. Bordoda iğtişaşçılar ovçuluq mağazasından silah və patronlar ələ keçiriblər.
Nanter prokurorluğunun məlumatına görə, ötən çərşənbə axşamı yeniyetməni güllələyən 38 yaşlı polis əməkdaşı istintaq təcridxanasına salınıb. O, qəsdən adam öldürməkdə şübhəli bilinərək dindirilib. Nanter prokurorunun sözlərinə görə, hadisə zamanı "silahdan istifadə üçün qanuni şərtlər yerinə yetirilməyib".
Bütün bunlar onu göstərir ki, Fransada Prezident Emmanuel Makron, belə demək mümkündürsə, ölkənin ipini əldən buraxıb. Çünki Makronun hakimiyyətə gəlişindən bəri Fransada bir neçə genişmiqyaslı etiraz aksiyaları (Sarı jiletlilər, pensiya islahatları və sair) baş verib ki, bunlar da ölkə həyatının müxtəlif sahələrinə aid olub. Bu, bir daha sübut edir ki, Makron öz maraqlarını hər şeydən üstün tutur.