Müharibənin 500 günü ərzində Rusiya Ukraynada heç bir məqsədinə nail ola bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
“500 gün əvvəl Rusiya Ukraynaya qarşı əsassız işğalçı müharibəyə başladı. Rusiya hərbçiləri üç gün ərzində Kiyevi ələ keçirmək niyyətində idilər, amma Ukraynada qarşıya qoyulan məqsədlərin heç birinə nail ola bilmədilər”, - institut bildirir.
ISW qeyd edir ki, ukraynalıların qətiyyətli müqaviməti Rusiyanın çoxsaylı hücumlarını dayandırıb, o cümlədən Sumı və Çerniqov vilayətləri, habelə Xarkov, Nikolayev və Xerson vilayətlərinin bir hissəsi azad edilib. Eyni zamanda, ruslar Kiyev vilayətindən tam çıxarılıb.
“Ukrayna qüvvələri təşəbbüsü ələ keçiriblər, cəbhənin əksər hissəsində əks-hücum əməliyyatları aparırlar. Rusiya qoşunları isə demək olar ki, bütün diqqətini hələ də nəzarətindəki Ukrayna ərazilərini əllərində saxlamağa yönəldib”, - analitiklər deyirlər.
Bundan əlavə, ISW vurğulayır ki, Qərb tərəfdaşlarının köməyi sayəsində Ukrayna öz müstəqilliyini təmin edib, amma onun qarşısında hələ də Rusiyanın nəzarətində olan strateji əhəmiyyətli əraziləri azad etmək vəzifəsi durur.
Hazırda ruslar Ukraynanın əks-hücumunun qarşısını almağa çalışırlar. Bununla belə, uğur qazana bilmirlər. Ukrayna Silahlı Qüvvələri cəbhənin ən çətin ərazilərində belə Rusiyaya qalib gəlməyi bacarır . Baş Qərargahdan verilən məlumata görə, Rusiya əsas səylərini Ukrayna qoşunlarının Zaporoje və Xerson istiqamətlərində daha da irəliləməsinin qarşısını almağa yönəldib.