Avropa İttifaqı ukraynalı hərbçilərin hazırlığı üzrə tədbirləri tədricən Ukraynaya keçirmək barədə məsələni müzakirə edə bilər.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin bu və digər təklifləri Aİ ölkələrinin xarici işlər nazirlərinin iyulun 20-də keçiriləcək görüşü üçün hazırlanan sənəddə yer alıb.
Məlumata görə, Jozep Borrel Ukrayna Silahlı Qüvvələri üçün hərbi hazırlıq proqramını genişləndirməyi təklif edir. Beləliklə, şəraitin imkan verəcəyi təqdirdə ukraynalı hərbçilərin hazırlığı üzrə tədbirlərin tədricən Ukrayna ərazisinə keçirilməsi barədə məsələ müzakirə edilə bilər. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri, həmçinin Kiyevə texnika və silah-sursat tədarükü üçün əlavə olaraq milyardlarla vəsait ayırmağı məsləhət görüb.
Agentlik bildirir ki, Ukrayna ordusunun cari təlim planı Avropa İttifaqı ölkələrində 30 min hərbçinin hazırlanmasını nəzərdə tutur. Brüssel bu hədəfinə yaxın zamanlarda çatacaq. Belə ki, artıq 25 min ukraynalı hərbçi Aİ ərazisində təlimini başa çatdırıb və ya davam etdirir.
“Miqdar və keyfiyyət üzrə yeni təlim hədəfləri yaxın zamanlarda müəyyən olunacaq”, - deyə sənəddə qeyd olunur.