27 İyul 2023 20:50
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın Qahirədəki səfiri Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb.

Bildirilib ki, Danimarka səfirinin XİN-ə çağırılmasına səbəb bu ölkədə bir müddət əvvəl Qurani-Kərimin yandırılmasıdır.

“Misirin Kopenhagendəki səfirliyi daxil olmaqla, diplomatik missiyaların binalarının yaxınlığında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması aktlarını qəbul etmirik. Danimarka hakimiyyətini onların qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırırıq”, - Misir XİN-in bəyanatında qeyd edilib.

Qeyd edək ki, iyulun 25-də Misirin Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.

Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Daha əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quran nümayişkənarə şəkildə yandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər