5 Avqust 2023 16:19
3 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə və Sərhəd Xidmətinə Rusiya hüquq-mühafizə orqanlarının kobud davranışları barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, olay iyulun 29-da beş çinli Qazaxıstandan Rusiyaya daxil olmaq istəyərkən baş verib.

Çin vətəndaşları Karauzek keçid məntəqəsində (Həştərxan vilayəti) dörd saat sorğu-sual edilib, daha sonra Rusiyaya girişlərinə qadağa qoyulub. Səfirliyin məlumatına görə, onların turist vizaları ləğv edilib.

Çinin aidiyyəti qurumları olayın videogörüntüsünü əldə etdikdən sonra Rusiyanın hakimiyyət orqanlarına müraciət etdiklərini bildiriblər. Məlumatda deyilir ki, Rusiya sərhədçilərinin davranışları Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur.

Bununla əlaqədar, səfirlik Rusiyadan hadisənin səbəbini izah etməyi, mənfi təsirin aradan qaldırılması və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün aktiv tədbirlər görülməsini tələb edib. Çin diplomatları həmçinin sərhəd rəsmilərindən həddindən artıq sərt davranan hüquq-mühafizə orqanlarının əməkdaşlarını araşdırmağı və Pekinə qənaətbəxş cavab vermələrini istəyiblər.

Rusiya tərəfi hələlik vəziyyətə münasibət bildirməyib.

“Blumber” agentliyi yazır ki, səfirliyin mesajı Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Pekin arasında dostluğun “sərhədsiz” olması barədə birgə bəyanatı ilə ziddiyyət təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər