İran və ABŞ arasındakı neft böhranında yeni gəlişmələr yaşanır. İran tankerlərini ələ keçirmiş ABŞ-a cavab verən Tehran rəsmiləri lazımi tədbirlərin görüləcəyini deyirlər.
Teleqraf.com xəbər verir ki, İran neft tankerlərinin ABŞ tərəfindən ələ keçiriləcəyi təqdirdə eyni şəkildə cavab verəcəyini açıqlayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) sözçüsü briqada generalı Ramazan Şərif açıqlamasında da deyib:
“İranın ABŞ-ın hər hansı pis əməllərinə, o cümlədən gəmilərimizi ələ keçirməsinə cavab vermək və onun da gəmilərini ələ keçirmək gücü var”.
SEPAH rəsmisi ABŞ-ın addımlarına qarşı lazımi tədbirləri görəcəklərini bildirib.
ABŞ tətbiq etdiyi sanksiyalar çərçivəsində tez-tez xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti bu gəmilərdə hərracda satır. İran isə öz növbəsində Bəsrə körfəzi ətrafında neft daşıyan tankerlərə “dəniz qaydalarına əməl etmədiklərini” əsas gətirərək müdaxilə edir.
ABŞ mediası avqustun 3-də Pentaqonun İranın müdaxilələrinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dənizçilər və dəniz piyadalarını yerləşdirməyə hazırlaşdığı xəbərini yayıb. Bu xəbərdən sonra SEPAH-ın Hərbi Dəniz Qüvvələri 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün bəyan edib ki, təxminən 3000 hərbçidən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Birliyi avqustun 6-da Yaxın Şərqə çatıb.