12 Yanvar 2015 00:12
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya növbəti il üçün hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb. Gələn ilin aprelində başlayacaq növbəti maliyyə ilində Yaponiyanın hərbi xərcləri rekord həddə artırılaraq 4,98 trilyon yen (təqribən 41,8 milyard dollar) təşkil edəcək.

Bu barədə Kyodo informasiya agentliyinin hökumətdəki mənbələrə istinadla yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, gələn maliyyə ili üçün planlaşdırılan ölkə büdcəsində hərbi xərclər üçüncü il dalbadal artaraq, əvvəlki ildəkindən iki faiz çox olacaq.

2018-ci ilədək Yaponiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə əlaqədar ortavədəli plan hərbi xərclərin illik həcminin səkkiz faiz artırılmasını nəzərdə tutur və 2016-cı ildə bu xərclərin 5 trilyon yenə (təqribən 42 milyard dollardan çox) çatdırılması planlaşdırılır.

Agentlik bildirir ki, Yaponiyada hərbi xərclərin artırılması səbəbi kimi Çinin bu sahədə fəallaşması və xüsusən də Senkaku adaları ətrafında gərginliyin artması göstərilir.

Yaponiyanın hərbi gücünün artırılması nəticəsində ilk növbədə altı ədəd yeni nəsil “F35” qırıcı təyyarəsinin və beş “MV-22” Ospreyinin alınması nəzərdə tutulur. Bundan əlavə, ABŞ-ın Naqo şəhərindəki (Okinava prefekturası) Futenma hərbi bazasının köçürülməsi üçün 150 milyard yen (1,2 milyard dollar) lazımdır.

Yaponiyada hərbi xərclərin artırılmasına 2013-cü ildə, Baş nazir Şinzo Abe 2012-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra başlanılıb.


Müəllif: