İraq hökumətinin paytaxt Bağdadda bəzi binaların damlarına hava müdafiə sistemləri yerləşdirməsi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtda bəzi hökumət binalarında zenit sistemləri görünüb.
Mübahisəli görüntülərdən sonra İraq Birgə Əməliyyat Komandanlığının sözçüsü general Tahsin Hafaci açıqlama verib.
General iddianı təsdiqləyib: “Bağdadda manevr və təlim məqsədilə bəzi binalara zenit silahları yerləşdirilib”.
Hafaci sözügedən silahların təhlükəsizlik təhdidinə qarşı yerləşdirilmədiyini deyib.
İraq baş nazirinin sözçüsü Yəhya Rəsul da Bağdad və bütün digər vilayətlərdə həyati əhəmiyyətli obyektlərin təhlükəsizliyini təmin etmək üçün zenit sistemlərinin yerləşdirildiyini, qorxu və panikaya ehtiyacın olmadığını söyləyib.
Bəziləri yaşayış məntəqələrinin yerləşdiyi ərazilərdə hökumət binalarında belə sistemlərin quraşdırılmasını tənqid ediblər.
Digər tərəfdən ABŞ-ın İraqa əlavə qüvvələr göndərdiyi iddia olunur.