G-20-nin Hindistanda keçirilən “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya əleyhinə sərt sənədin qəbuluna çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Rusiya G-20-də təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil:
“Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, bunu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub.
Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük İyirmilər”in liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”.
Bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, G-20-nin İndoneziyada keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıb. BRİKS ölkələri onsuz da buna imkan verməyəcəkdi.
Təsadüfi deyil ki, Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar Bali və Dehli bəyannamələrini belə müqayisə edib: “Bali Balidir, Dehli Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa idi. O zamandan sonra çox şeylər baş verib”.
“The Times of India”nın yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ekspertlər də Hindistan sammitini təşkilatın tarixində ən çətin toplantılardan biri kimi qiymətləndirirlər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib”.
“Atlas” qeyd edir ki, bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib:
“Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin Rusiya və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə çağırırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırış edib.
Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri qlobal ərzaq təhlükəsizliyini gücləndirmək öhdəliyi barədə razılığa gəlib”.
Təhlildə vurğulanır ki, sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib:
“Məsələn, ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqda razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir Yol, Bir Kəmər” projesinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır”.