14 Sentyabr 2023 09:48
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Suriyada muzdluların əməliyyatlarının qarşısını almaq üçün davam edən səyləri çərçivəsində Afrikadan “Vaqner” qrupunun rotasiyasını müvəqqəti olaraq pozub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Xmeymim bazası vasitəsilə Afrikadan “Vaqner” qüvvələrinin rotasiyasını əngəllədiyini bildirən addımına diqqət çəkib. Rusiya hərbçilərinin müqaviməti səbəbindən muzdlular Suriya Müdafiə Nazirliyindən Xums əyalətindəki Tiyas aviabazasından istifadəyə icazə almaq üçün danışıqlara getməyə məcbur olub.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 12-də “Vaqner”ə məxsus təyyarənin Tiyasa enməsinin qarşısını almaq üçün uçuş-enmə zolağında maneələr yaradıb. Bundan sonra isə “Vaqner”in təyyarəsini vurmaqla hədələmək üçün limana helikopterlər yerləşdirilib.

Suriya tərəfi məsələni həll etmək üçün Rusiya müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurovla birbaşa əlaqə saxlayıb və sonda təyyarənin enişinə icazə verilib.

“Suriyada “Vaqner”lə münaqişə Rusiya Müdafiə Nazirliyinin qruplaşmanın yarı müstəqilliyindən narahat olduğunu göstərir. “Vaqner”in yüksək səviyyəli Rusiya və Suriya hərbi rəsmiləri ilə danışıqlar aparmaq qabiliyyəti onu göstərir ki, “Vaqner” Rusiya hərbi komandanlığından müstəqilliyini hələ də saxlayır”, - ISW qeyd edir.

Eyni zamanda, ekspertlər “Vaqner”in Suriyadakı kontingentinin Afrikadakı qüvvələrindən daha yaxşı döyüş qabiliyyətinə malik ola biləcəyini ehtimal edirlər. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi (xüsusən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov) “Vaqner”in hələ də mərhum lideri Yevgeni Priqojinə sadiq olmasından narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər