Ukrayna qoşunları Baxmutda hücum əməliyyatlarını davam etdirir. Ukrayna ordusunun “Şərq” qrupunun sözçüsü İlya Yevlaş bildirib ki, Baxmutun cənubunda, Rusiyanın müdafiə xəttinin keçdiyi dəmir yolu ərazisində şiddətli döyüşlər gedir. Azad edilmiş yaşayış məntəqələrindən birinin yaxınlığında daha sərfəli mövqelər tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qüvvələri nəyin bahasına olur-olsun, Baxmutun cənubundakı dəmir yolu boyunca müdafiə xəttini saxlamağa çalışır. Rusiya mənbələri Ukrayna qoşunlarının Andriyevka yaxınlığında (Baxmutdan 10 km cənub-qərbdə) dəmir yolu xəttinin şərqinə doğru irəliləmək cəhdlərini davam etdirdiyini və vacib mövqelər tutduğunu bildirirlər. Həmin mənbələrin məlumatına görə, çeçenlərin xüsusi təyinatlı “Axmat” bölməsi və Rusiyanın 4-cü piyada briqadasının 1-ci batalyonu Klişivka yaxınlığında (Baxmutdan 7 km cənub-qərbdə) Ukraynanın hücumunu dəf edib. Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın Andriyevka yaxınlığında hücumunun qarşısının alınması haqda məlumat verib.
Ruslar Baxmutda əks-hücumları davam etdirsələr də irəliləyə bilməyiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, rus qoşunları Andriyevka yaxınlığında itirilmiş mövqeləri geri almağa uğursuz cəhd göstərib.
ISW həmçinin bildirir ki, Rusiya qoşunları oktyabrın 2-də Avdiyivka-Donetsk xəttində hücumlarını davam etdirib və irəliləyib.
Rusiya mənbələrinə görə, Ukrayna qüvvələri Avdiv yaxınlığındakı yaşayış məntəqələri istiqamətində Rusiya qüvvələrinə qarşı əks-hücuma keçib.